|
2000-ci ilin avqustunda Azərbaycan Respublikasının
Milli Elmlər Akademiyası və Təhsil Nazirliyinin
əsasında aparıcı elmi-tədqiqat və
universitetlər tərəfindən Azərbaycan Elmi-Tədqiqat
və Təhsil Şəbəkələri Assosiasiyası
(AzRENA) təsis edildi. Assosiasiya qeyri-hökumət
təşkilatı olub akademiya və tədris müəssisələri
üçün açıqdır.
AzRENA-nın fəaliyyət stratgeiyası
aşağıdakı məsələlərin həllinə
istiqamətlənmişdir:
- regional şəbəkələrin
və regional tədris mərkəzlərinin inkişafı;
- Bakı şəhərinin daxili infrastrukturunun
təkmilləşdirilməsi;
- milli informasiya ehtiyatlarının inkişafı;
- yüksək sürətli xarici birləşməyə
malik İnternet vasitəsilə elm və təhsil
sahəsində informasiya mübadiləsinin həyata
keçirilməsi;
- distant təlim, E-işlər və
distant təhsil sistemlərinin yaradılması;
- təhsil və elm şəbəkələrinin
inkişafı ilə bağlı olan təşkilatlarla
əməkdaşlıq.
AzRENA-nın təhsil şəbəkəsinin
İnternetə qoşulması Dövlət İqtisad
Universitetində və Azərbaycan Milli Elmlər Akademiyasında
yerləşən, 1 Mbps buraxılış qabiliyyətli
kanalla İnternetə çıxış imkanına
malik iki NOC (Network Operations Center) vasitəsilə assimmetrik
rejimdə həyata keçirilir. Bakı şəhərinin
təhsil və akademiya müəssisələri əməliyyat
mərkəzləri ilə birləşdirici xətlər
və Radio-Ethernet vasitəsilə əlaqələndirilir.
AzRENA-nın bu şəbəkə infrastrukturu Assosiasiya
üzvlərinin infrastrukturunun təkmilləşdirilməsi
və AzRENA-nın dayaq şəbəkəsinə
qoşulmasına dair layihə çərçivəsində
genişləndirilmişdir (NATO Grant NIG 976370).
AzRENA şəbəkəsinin sabit peyk
rabitə kanalı vasitəsilə İnternetə
yüksək sürətli çıxışı
"Virtual İpək Yolu" layihəsi çərçivəsində
həyata keçiriləcəkdir. Həmin layihənin
reallaşması kanalların buraxılış qabiliyyətini
zəmanətli 3 Mbps-dən 24 Mbps-yə kimi artırmaq
imkanı verir.
AzRENA şəbəkəsində 15-ə
qədər təhsil və elm mərkəzləri
cəmləşmişdir. Bugün AzRENA vasitəsilə
İnternetə 900-dən yuxarı işçi stansiya
qoşulur ki, onlar da 6000 istifadəçiyə xidmət
göstərir.
AzRENA-nın şəbəkə infrastrukturunun
qurulma texnologiyasının çevik və mobil olması
respublikanın şəhər və rayonlarında
regional təhsil və akademiya şəbəkələrini
yaratmağa və onları ümumi şəbəkədə
birləşdirməyə imkan verir.
Azərbaycanda qeyri-kommersiya təhsil və
elm müəssisələrinin İnternetə çıxışını
təmin edən digər təşkilatlar da mövcuddur
və AzRENA onlarla sıx əməkdaşlıq edir.
Buna misal olaraq IREX/IATP və OSI çərçivəsində
yaradılmış infrastrukturun əsasında Azərbaycanın
4 universiteti və 2 beynəlxalq təşkilat tərəfindən
əsası qoyulmuş Azərbaycan Elm-Təhsil Kompüter
Şəbəkəsini (AzNET), AzRENA və Azərbaycan
İnternet Cəmiyyətinin təsisçilərindən
biri olan Bakı Elm-Tədris Mərkəzini göstərmək
olar. Gələcəkdə Bakıda və regionlarda
AzNET və AzRENA şəbəkələri arasında
iki mübadilə məntəqəsəinin quraşdırılması
planlaşdırılır.
Təhsil və elm müəssisələrinin İnternetə çıxışını təmin edən müxtəlif təşkilatlarla əməkdaşlıq, trafiki optimallaşdırmağa və Azərbaycanda ümumi texniki Akademiya Təhsil Şəbəkəsini yaratmağa imkan verəcəkdir.
|